“Sabah” komandası FİBA Avropa Kuboku turnirində ardıcıl ikinci qələbəsini qazanıb.
İlk turda Niderland təmsilçisi “Donar”dan 75:72 hesabı ilə üstün olan basketbolçularımız bu dəfə qrup oyunlarına ev sahibliyi edən Şimali Makedoniyanın “Rabotniçki” komandasına qalib gəlib. Hərçəndki, görüşə meydan sahibləri fəal başlayıblar və “Rabotniçki” ilk hissədə 25:15 hesabı ilə irəli çıxıb. İkinci periodda bərabər səviyyədə mübarizə gedib. Buna baxmayaraq komandalar böyük fasiləyə “Rabotniçki”nin 47:37 hesablı üstünlüyü ilə yollanıb. 3-cü hissədə isə tamamilə təşəbbüsə yiyələnən “Sabah” mübarizədə dönüş yaradıb və yekunda 83:81 hesabı ilə qalib gəlib. Xatırladaq ki, A qrupunda yarışan komandamız qrupdakı son oyununu oktyabrın 5-də Rumıniyanın “Rapid” klubuna qarşı keçirəcək. Qrup liderliyi baxımından mühüm əhəmiyyət daşıyan bu matçın startı Bakı vaxtilə saat 19:30-da veriləcək. Qeyd edək ki, yalnız qrup qalibləri pley-ofa yüksələcək.